Yeni Əyricə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Yeni Əyricə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, kəndaxili 9 km yollar AzKİL layihəsi çərçivəsində qum-çınqılla əsaslı təmir edilib, dren kanalları lildən təmizlənməsi üzrə hazırda AzKİL çərçivəsində layihə həyata keçirilir-8 km dren kanal təmizlənəcək, kəndin baş yolunun kənarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün elektrik xətti çəkilib, 20 Yanvar Şəhidlər xiyabanı təmir edilib, kənd xəstəxanasının 350 metr su xətti yenidən çəkilib, kənd bələdiyyəsinin inzibati binası cari təmir edilib, təsərrüfat daxili 2,5 km arxlar lildən təmizlənib,Əyricə kəndi ilə Yeni Əyricə kəndini birləşdirən yolun Tərtər çayı üzərindəki körpü tikilib.
2022-ci ildə 163 hektar sahədə pambıq əkilmiş, hər hektardan 28 sentner olmaqla 456 ton pambıq istehsal edilmişdir.İnzibati ərazi dairəsində 2 nəfər kümçü 8 qutu barama götürüb saxlamış, hər qutudan 40 kq olmaqla 320 kq barama istehsal edilmişdir. 2023-cü ildə 140 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur..
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Amil Hüseynov Yeni Əyricə kənd tam orta məktəbinin direktoru məktəb binasının qəzalı olduğu üçün yeni bina tikilməsi, Kənan Əliyev Yeni Əyricə kəndində özünə məxsus 4,7 ha pay torpağının yaxın qohumu tərəfindən zəbt olunması, Hüseyn Məmmədov yaşayış sahəsinin yaxınlığından keçən 0,4 Kv-luq elektrik xəttinin bağlandığı 2 ədəd dirəyin qəzalı olduğu üçün dəyişdirilməsi, Hörmət Rüstəmova Yeni Əyricə kəndinə Yuxarı-Qarabağ kanalından verilən suvarma suyunun həcminin artırılması, Saray Məmmədova Yeni Əyricə kəndində özünə məxsus 0,4 ha pay torpağının suvarma suyu ilə təminatında çətinlik çəkdiyi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.