Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
Apelyasiya Şuralarının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin

F Ə R M A N I

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə
baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin
hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
Apelyasiya Şuraları yaradılsın.

2. “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.

  İlham Əliyev
  Azərbaycan Respublikasının Prezidenti
  Bakı şəhəri, 3 fevral 2016-cı il

Keçidlər