Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə
ƏYERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ APELYASİYA
ŞURALARI HAQQINDA NÜMUNƏVİ
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası (bundan sonra -
Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən
özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının
sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə
(bundan sonra - şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən
kollegial orqandır.
1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu
və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı
verilmiş şikayətlər üzrə yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən,
habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apelyasiya Şurasına verdiyi
yazılı müraciəti başa düşülür.
1.4. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri
hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət
göstərir.
1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik
prinsipləri əsasında qurur.
2. Apelyasiya Şurasının vəzifələri
2.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardan ibarətdir:
2.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və
obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış
şəkildə qərar qəbul etmək;
2.0.2. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.3. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil
etmək, icmallaşdırmaq və nəticəsi barədə yerli icra hakimiyyəti orqanının başçısına
yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək
2.0.4. fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının
və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını
almaq;
2.0.5. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla
açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri
tədbirlər görmək;
2.0.6. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;
2.0.7. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Apelyasiya Şurasının hüquqları
3.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara
malikdir:
3.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar icra hakimiyyəti
orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına,
habelə hüquqi və fiziki şəxslərə sorğular göndərmək (müraciətlər etmək), onlardan
zəruri sənədləri və məlumatları almaq;
3.0.2. şikayətlə müraciət etmiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), yerli
icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə
nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında
olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxslərini, habelə digər
əlaqəli şəxsləri Apelyasiya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə
araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar
olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra
hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin,
sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, yanında olan qurumlarda və
tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;
3.0.4. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı yerli icra
hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin,
sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumlarda və
tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin
icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması
halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə
məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər
vermək;
3.0.6. Apelyasiya Şurasının fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr
aparmaq, şikayətin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan
qaldırılması ilə bağlı təkliflər vermək;
3.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini
aparmaq və nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər
görmək;
3.0.9. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb
etmək;
3.0.10. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. Apelyasiya Şurasının fəaliyyətinin təşkili
4.1. Apelyasiya Şurasının tərkibi (sədri və digər altı üzvü) yerli icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən təsdiq edilir. Apelyasiya Şurasının sədri yerli icra
hakimiyyəti orqanının başçısının müavinlərindən biri olmalıdır.
4.2. Apelyasiya Şurasının sədri:
4.2.1. Apelyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.2.2. Apelyasiya Şurasının adından çıxarılan qərarları və Apelyasiya Şurasının
fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının
Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı yerli icra hakimiyyəti
orqanının rəhbərinə təqdimatlar (təkliflər) verir;
4.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən
iclaslarda sədrlik edir;
4.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın
iclaslarına çıxarır;
4.2.6. Apelyasiya Şurasını təmsil edir.
4.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və
obyektiv araşdırma aparmaq;
4.3.3. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy
və təkliflər vermək;
4.3.4. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün
təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə
gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini
tələb etmək;
4.3.5. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apelyasiya Şurasının
adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.3.6. Apelyasiya Şurasının iclaslarının protokollarını imzalamaq;
4.3.7. Apelyasiya Şurasının iclaslarında səs çoxluğu ilə qəbul edilmiş qərarlardan
razı olmadıqda, həmin məsələlərin müzakirə edilməsi üçün yazılı şəkildə
əsaslandırılmış rəylə yerli icra hakimiyyəti orqanının başçısına müraciət etmək;
4.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
4.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər
vermək;
4.3.10. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və
hüquqları həyata keçirmək.
4.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının
Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi
Apelyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında yerli icra hakimiyyəti
orqanının başçısı tərəfindən təsdiq olunur.
4.5. Apelyasiya Şurasının hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi
maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda,
Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.6. Katiblik:
4.6.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata
keçirir;
4.6.2. Apelyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu
Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə
uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec
olmayaraq Katibliyə təqdim edilməsi üçün yerli icra hakimiyyəti orqanının
başçısının aparatının aidiyyəti struktur bölməsinə, inzibati ərazi dairələri üzrə
nümayəndəliklərinə, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, yanında
olan qurumlarına və tabeliyində olan hüquqi şəxslərə müraciət edir.
4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq yerli icra hakimiyyəti
orqanının başçısının aparatının aidiyyəti struktur bölmələri, inzibati ərazi dairələri
üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında
olan qurumlar və tabeliyində olan hüquqi şəxslər tərəfindən təqdim edilmiş
sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış
sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apelyasiya Şurasının
sədrindən başqa digər üzvlərinə göndərir;
4.6.4. bu Əsasnamənin 4.7-ci bəndinə əsasən rəsmi şəkildə təqdim edilmiş rəyləri
ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya
Şurasının iclaslarını təşkil edir;
4.6.5. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya
Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən
şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat verir;
4.6.6. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün
Apelyasiya Şurasının üzvlərinə təqdim edir;
4.6.7. Apelyasiya Şurasının qərarlarının (rəylərinin, yazılı şəkildə verdiyi
cavabların) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya
Şurasının sədrinə təqdim edir;
4.6.8. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarının (rəylərin, yazılı şəkildə verdiyi
cavabların) aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.9. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir,
icmallaşdırır və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə rüblük, yarımillik və
illik arayışlar (hesabatlar) təqdim edir;
4.6.10. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı kütləvi
informasiya vasitələri və yerli icra hakimiyyəti orqanının rəsmi internet saytı
vasitəsilə yayır;
4.6.11. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın yerli icra
hakimiyyəti orqanının rəsmi internet saytında yerləşdirilməsini və informasiyanın
daim yenilənməsini təmin edir;
4.6.12. Apelyasiya Şurasının sədrinin göstərişlərini icra edir;
4.6.13. Apelyasiya Şurasının protokollarının və digər sənədlərin əsllərini saxlayır;
4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları
həyata keçirir.
4.7. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndinə əsasən rəylər 2 iş günündən gec
olmayaraq təqdim edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı, həmin
rəylərdə hər hansı bir məsələyə münasibət aydın və birmənalı şəkildə ifadə
olunmalıdır.
5. Şikayətlərə dair tələblər
5.1. Şikayət yazılı formada tərtib edilir. Şikayətdə “İnzibati icraat haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan məlumatlarla yanaşı,
aşağıdakı məlumatlar da göstərilir:
5.1.1. şikayət edən şəxsin VÖEN-i;
5.1.2. şikayətin predmeti üzrə bundan əvvəl yerli icra hakimiyyəti orqanına edilmiş
müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.3. şikayətin predmeti üzrə bundan əvvəl yerli icra hakimiyyəti orqanına
müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (müvafiq
yerli icra hakimiyyəti orqanının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa
məzmunu);
5.1.4. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud
onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti
şikayətə əlavə edilməklə) imzalanır.
5.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü
vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik,
filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq
nümayəndəlik, filial və idarələrin möhürü vurulur.
5.4. Şikayətin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli
özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər
sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətə əlavə edilir.
5.5. Yeli icra hakimiyyəti orqanının aidiyyəti struktur bölməsində baxılmadan
birbaşa Apelyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən
şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər
baxılması üçün aidiyyəti üzrə göndərilir.
5.6. Apelyasiya Şurasında baxılmış (və ya mahiyyəti üzrə baxılmamış) hər bir
şikayət üzrə müraciəti etmiş şəxsə (şəxslərə) araşdırmanın nəticəsinə dair
əsaslandırılmış qərar (və ya yazılı cavab) göndərilir.
6. Apelyasiya Şurasının iclaslarının keçirilməsi qaydası
6.1. Apelyasiya Şurasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş
tutmuş sayılır.
6.2. Apelyasiya Şurasının iclasları ayda iki dəfədən az olmayaraq, zərurət yarandığı
hallarda isə Apelyasiya Şurasının sədrinin razılığı ilə və ya yerli icra hakimiyyəti
başçısının göstərişi ilə istənilən vaxt keçirilir.
6.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq
müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.
6.4. Apelyasiya Şurasının iclaslarında Apelyasiya Şurasına şikayətlə müraciət etmiş
şəxslər (onların səlahiyyətli nümayəndələri), yerli icra hakimiyyəti orqanının
aidiyyəti vəzifəli şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi və digər əlaqəli şəxslər
iştirak edə bilərlər.
6.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı bütün dəlillər
Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca
münasibət bildirilir.
6.6. Apelyasiya Şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak
edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apelyasiya
Şurasının sədri həlledici səsə malikdir.
6.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apelyasiya
Şurasının sədri, Apelyasiya Şurasının Katibliyinin rəhbəri və ya Apelyasiya
Şurasının digər üzvlərindən biri məruzə edir.
6.8. Apelyasiya Şurasının iclaslarında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli
nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli
(və ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.
6.9. Apelyasiya Şurasının iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və
müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.
6.10. Apelyasiya Şurasında baxılan şikayətlər barədə qəbul edilmiş qərarlar barədə
məlumat Katiblik tərəfindən kütləvi informasiya vasitələri və yerli icra hakimiyyəti
orqanının rəsmi internet saytı vasitəsilə yayılır.
6.11. Apelyasiya Şurasının iclaslarının və gündəliyinə daxil edilmiş şikayətlərin
müzakirəsinin video çəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.
6.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət,
xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında uzun müddət iştirak edə bilmədikdə,
Apelyasiya Şurasının sədrinin səlahiyyətləri yerli icra hakimiyyəti orqanının başçısı
tərəfindən müavinlərindən birinə həvalə edilir.
7. Apelyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlarına dair
tələblər
7.1. Apelyasiya Şurasının iclaslarının nəticəsi Apelyasiya Şurasının üzvləri və
Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla
rəsmiləşdirilir.
7.2. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasda iştirak edən Apelyasiya Şurasının üzvlərinin, Katibliyin rəhbərinin,
dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları,
soyadları və atalarının adları;
7.2.3. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa
məzmunu və əsasları;
7.2.4. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha
əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;
7.2.6. Apelyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi
nəticələr, aidiyyəti hüquqi aktlara istinad;
7.2.7. Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.
7.3. Apelyasiya Şurası icraatına daxil olan şikayətlər üzrə aparılan araşdırmanın
nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. şikayət təmin edilir;
7.3.2. şikayət qismən təmin edilir;
7.3.3. şikayət təmin edilmir;
7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.
7.4. Apelyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün
hallarını özündə əks etdirməlidir. Apelyasiya Şurasının sədri tərəfindən imzalanmış
qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə
aşağıdakı məlumatlar qeyd edilir:
7.4.1. giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer,
qərarı imzalayan Apelyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi,
şikayətin predmeti və irəli sürülən tələblər;
7.4.2. təsviri hissəsində daxil olmuş şikayətlə müraciət etmiş şəxsin gətirdiyi əsas,
şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa
məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;
7.4.3. əsaslandırıcı hissəsində Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı
sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;
7.4.4. nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair
göstəriş və qərardan şikayətin verilməsi qaydası.
7.5. Apelyasiya Şurasının sədri tərəfindən qəbul edilmiş qərarların (verilmiş yazılı
cavabların) aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.
7.6. Apelyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə
aid olduğu halda, Apelyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü
müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və
bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.