Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günlərdə Bərdə şəhərinin Vətən müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğlunun adına bulaq kompleksinin açılışı olmuşdur.

05 aprel 2022 | 16:00

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinkaya bir qrup partiya fəalları ilə birlikdə iştirak etmişlər.
Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb.
Əsgər Nadirov Rəşad Nadim oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində qardaşı Elşad ilə birlikdə Xocavəndin və Fizuli rayonunun  azad edilməsində iştirak etmiş və sonuncuda şəhidlik zirvəsinə ucalmışdır. Qardaşı Elşad isə yaralanmışdır.  Azərbaycan Respublikası  Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Nadirov Rəşad Nadim oğlu ölümündən sonra “Vətən uğrunda”  və "Xocavəndin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Bulağın açılışında YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildirmişdir ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da  ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın  Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Vətən müharibəsindən sonra partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən “Şəhid ailələrinə qayğı” aksiyasını həyata keçirir. Bu aksiya çərçivəsində YAP üzvləri mütəmadi  olaraq şəhid və qazi ailələrində olur və onların qayğıları ilə maraqlanırlar.
Şəhid Nadirov Rəşad Nadim oğlunun adına bu bulaq Kompleksinin inşa edilməsində də YAP Bərdə rayon təşkilatının fəal üzvü, “Bərdə- Çörək” ASC-nin sədri Məhərrəm Şəfiyevin  böyük maddi dəstəyi  olmuşdur.
Şəhid  Nadirov Rəşadın  ailə üzvləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində hər zaman  şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  öz məmnunluqlarını  ifadə etmişlər.

Keçidlər