Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Bərdə özünün çox əsrlik tarixi ərzində dəfələrlə basqınlara və dağıntılara məruz qalmışdır. 1736-cı ildə İran şahı Nadir Bərdəni tamam viran etmiş, XIX əsrin II yarısında isə bu şəhər cəmi 200-300 nəfər əhalisi olan kiçik bir kəndə çevrilmişdi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.
Bərdədə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir. 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və memarlıq abidələri var. Bəzi tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur.
Bərdə Şəhristan və Rabad adlı iki hissədən ibarət idi. Şəhərin mərkəzi Şəhristan adlanırdı. Şəhristan qala divarları ilə əhatə olunmuşdur. Rabat adlanan hissədə sənətkarlar, tacirlər məhəllələri yerləşirdi və gəlmələr üçün karvansara vardı. Bərdədə dulusçular, şüşəüfürənlər, daşyonanlar, dabbaqlar, toxucular məhəlləsi və başqa məhəllələr olmuşdur. Şəhərin yaxınlığındakı indi Qaradəmirçilər adlanan kəndə vaxtilə Dəmiçilər məhhəlləsi deyilirdi, Şirvanlılar məhəlləsində isə Şirvandan gəlmə sakinlər yaşayırdı.
İndiyədək qalmış tarixi abidələr:

 

• İbrahim məscidi (VIII-IX əsrlərdə tikilib)
• Bəhrəm Mirzə türbəsi
• Axsadan baba türbəsi
• Bərdə türbəsi (Nüşabə qalası -1322-ci ildə Əcəmi memarlıq məktəbinin yetişdirməsi Naxçıvani Əhməd İbn Əyyub Hafiz tərəfindən tikilmiş)
• Torpaq qala (VI əsrdə Nüşabə qalasının ətrafında inşa edilib)
• Cümə məscidi
• Tər-tər çayı üzərində 2 ədəd körpü

Keçidlər